Azərbaycan şəhərləri




 

Bakı şəhəri

Bakı - müstəqil Azərbaycan Respublikasının paytaxtı, böyük elmi-mədəni və sənaye mərkəzidir. Bakı qədimliyinə, ərazinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin qocaman və ən böyük şəhərlərindən biridir.

Bakı şəhərində və Abşeron yarımadasında insanlar çox qədim zamanlardan məskunlaşmış və burada yaşayış məntəqələri yaratmışlar. Buna səbəb Bakı şəhərinin fiziki-coğrafi şəraiti şimaldan-cənuba, qərbdən-şərqə gedən miqrasiya və ticarət yollarının kəsişməsi mərkəzində yerləşməsi ("İpək Yolu"), iqlim şəraiti və ən qədim zamanlardan yer üzünə çıxan nafta adlanan yanacaq və enerji sərvəti olmuşdur.

Bakı haqqında ilk dəfə eramızdan 3500 il əvvəl birinci Misir Faraonu Menesanın dövründə "Ölülər Kitabında" qeyd edilmişdir. Eləcə də Bakının qədim şəhər olmasını Abşeronda və Qobustanda 12 min il tarixi olan daş üzərində yazmalar, arxeoloji tapıntılar, eyni zamanda eramızdan əvvəl I əsrdə Roma imperatoru Pompeyin və Lukullun Zaqafqaziyanın işğalı məqsədilə Bakının ətrafında (40 km cənub istiqamətində) saldıqları hərbi düşərgələr barəsində Avqust Qay Oktavi tərəfindən yazılmış daş yazısı sübutdur. Bu tarixləri nəzərə alsaq, bu gün Bakının 5,5 mindən çox yaşı vardır.

Bakı XII-ci əsrdə Şirvanşahlar dövlətinin, XVI əsrdə Səfəvilər dövlətinin, XVII əsrdə Osmanlı imperiyasının, XVIII əsrdə isə Bakı xanlığının əsas şəhərlərindən biri olmuşdur.

Bakı şəhəri Abşeron yarımadasının cənubunda, Xəzər dənizinin sahilində yerləşir, onun ərazisi 2200 kv km, əhalisinin sayı 2 milyona yaxındır. Bundan başqa hazırda Bakı şəhərində erməni qəsbkarlarının işğal etdiyi rayonlardan və Ermənistan Respublikasından qovulmuş 500 minə yaxın qaçqın və məcburi köçkünlər yaşayır.

Bakı özündə 11 inzibati rayonu, 5 şəhər tipli qəsəbəni birləşdirir.

 

===========================

 

 

Ağdam şəhəri

Ağdam rayonunun inzibati mərkəzi Ağdam şəhəri Qarabağ düzündə ən iri şəhərlərdən biridir. Eramızdan əvvəl I minillikdə yaranmış bu şəhərin adı – "Ağdam" sözü qədim türk dilində "kiçik qala" deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişmişdir. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr vermişdir. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilmişdir. Bu mənada, "Ağdam" – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.
===========================
 

Ağdaş şəhəri

Ağdaş rayonun ərazisi Şirvan düzənliyinin şimal-qərb hissəsini tutur. Ölkənin əsas dəmiryol magistralından biri – Tbilisi dəmiryolu bu rayonun ərazisindən keçir. Yuxarı Şirvan və Baş Şirvan kanalları Ağdaş rayonunun ərazisindən keçir. «Turyançay» qoruğunun əsas hissəsi Əlincə və Turyan çayları əsasında yerləşir. Bu qoruqda quraqlığa davamlı qiymətli ağac növləri, o cümlədən, məşhur Eldar şamı meşələri salınmışdır. Rayon ərazisində salamat qalmış tarixi abidələrə misal olaraq, XVIII əsrə aid karvansaranı və rayon mərkəzindən şərq tərəfdə, 30 km aralıqda, Ərəb və Kükəl kəndləri arsında yerləşən XVIII əsrə aid Surxay qalasının qalıqlarını göstərmək olar.
===========================
 

Ağcabədi şəhəri

İnzibati mərkəzi Ağcabədi şəhəridir. Adının mənası iri məskən (ağca-iri, badi-məskən, qəsəbə) olan Ağcabədi rayonu Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Bu qədimliyi sübut edən maddi əlamətlərdən olan eneolit, tunc, antik dövrünə və orta əsrlərə aid yaşayış yerlərinin qalıqları - Kamiltəpə, Nərgiztəpə, Qaraköbər, Yantəpə, Qalatəpə və Gavur arxı diqqəti cəlb edir. Tarixçilər bu təpələri Misir ehramları ilə müqayisə edərək qeyd edirlər ki, hətta Gavur arxının Makedoniyalı İsgəndər tərəfindən təmir olunması güman olunduğu halda, XVI əsrdə Teymurləng tərəfindən tam təmir olunması tarixi faktdır. Rayonda orta əsrlərə aid daşdan yonulmuş formalı başdaşlarına qəbirstanlıqlarda rast gəlmək olur. Ağcabədi rayonu 1930-cu ildə təşkil edilmiş, 1963-cü ildə ləğv olunub Ağdam rayonunun tabeliyinə verilmiş, 1965-ci ildə isə yenidən müstəqil rayon olmuşdur.
===========================
 

Ağstafa şəhəri

Rayon Azərbaycanın qərbində, Böyük Qafqaz dağlarının ətəklərində, Gürcüstan və Ermənistanla sərhəddə yerləşir. Rayonun iqlimi mülayimdir. Azərbaycanın ən böyük çayı olan Kür və Kürün qolu – Ağstafaçay, eləcə də bir neçə kiçik çay bu rayonun ərazisindən axır. Candargöl gölü də bu rayonda yerləşir. Kürün sahilində tuğay meşələrini qoruyub saxlamaq məqsədilə yaradılmış «Qarayazı» qoruğu yerləşir. Rayon ərazisində çoxsaylı arxeoloji və tarixi abidələr var. Onların arasında Aşağı Göyçəli kəndindəki Töyrətəpə adlı, tunc dövrünə aid insan məskəni və Dağ Kəsəmən kəndində tunc dövrünün sonu – dəmir dövrünün əvvəlinə aid Çobandaşlı adlı məskən dünya əhəmiyyətli abidələr sırasına daxil edilmişdir. Bu cür abidələrlə rayonun başqa yerlərində da rast gəlmək olar. Köçəsgər kəndinin yaxınlığında Molla Nağı təpəsi (daş dövrü), tunc və dəmir dövrlərinə aid Durnatəpə, Böyüktəpə, Şiş Quzeyi Piri və orta əsrlərə aid Haca Dağ Piri adlı abidələr, Ağstafa şəhərinin yaxınlığında tunc və dəmir dövrlərinə aid Cantəpə, Yastıtpə qədim yaşayış yerləri. Tatlı, Yuxarı Göyçəli, Həsənsu, Aşağı Göyçəli kəndlərini də qeyd etməliyik.
===========================
 

Ağsu şəhəri

Ağsu rayonu 8 oktyabr 1943-cü ildə təşkil edilmişdir. Rayonun mərkəzi olan Ağsu şəhəri isə 1967-ci ilə qədər şəhər tipli qəsəbə, həmin ildə isə şəhər statusu almışdır. Qərbdən və şimal-qərbdən İsmayıllı, şimal-qərbdən və şərqdən Şamaxı, cənubdan isə Kürdəmir və Hacıqabul rayonları ilə sərhəddir.Coğrafi mövqeyinə görə Ağsu rayonu Şirvan düzündə və Böyük Qafqazın ətəklərində yerləşir. 16 kənd, 3 ərazi dairəsi dağlıq zonadadır. Rayonun ərazisindən 2 çay-Girdiman, Ağsuçay və onların qolları - Ağdarçay və Nazirçay keçir. Qərbdə Kükəş qobusu (Kür sellər oylağı) və Cavanşir gölü, cənubda Yuxarı Şirvan kanalı, onun Ağsu qolu yerləşir. Ağsu rayonu kənd təsərrüfatı rayonudur. İqtisadiyyatında heyvandarlıq, taxılçılıq, pambıqçılıq, meyvə və tərəvəzçilik mühüm yer tutur.Rayon ərazisindən 55 kilometr uzunluqda respublika əhəmiyyətli avtomobil yolu keçir. 37 km uzunluğu olan Bakı-Şamaxı-Yevlax yolu ikinci kateqoriya, 18 kilometr uzunluğu olan Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolu üçüncü kateqoriyaya aiddir.
===========================
 

Astara şəhəri

Astara rayonu ölkənin cənub-şərqində, İran-Azərbaycan sərhəddində yerləşir. Azərbaycanın ən mənzərəli rayonlarından biri olan Astaranın ərazisinin bir hissəsi Talış dağları tutur, bir hissəsi isə ovalıqdır. Astaraçay və Təngərüd çayları uca dağlardan başlanır və Xəzər dənizinə tökülür. Rayon ərazisinin 37.000 hektar sahəsi meşələrlə örtülmüşdür. 
Mənzərəli Talış dağlarının bənzərsiz gözəlliyi və bu yerlərin saf havası buraya yolu düşənləri həmişə heyran edir. 1886-cı ildə fransız rəssamı Alberto Pepin Talış dağlarını, yerli sakinlərin həyat və məişətini, mədəniyyətini, adət və ənənələrini, geyimlərini, eləcə də bu diyarın gözəl peyzajını öz əsərlərində əks etdirmişdir.
===========================
 

Balakən şəhəri

Respublikanın ən şimal-qərb hissəsində yerləşən Balakən rayonu qərbdə Gürcüstanla həmsərhəddir. «Balakən» sözünün hərfi mənası «kiçik kənd» deməkdir. Rayon ərazisinin təqribən yarısı dağlıq ərazidə, qalan hissəsi düzənlik ərazidə yerləşir. Rayonda çoxlu dağ çayları, Katex dağının yaxınlığında göl var. Rayonun şimalındakı dağlıq hissə soyuq iqlimə, düzənlik hissə mülayim iqlimə malikdir. Burada il üzrə orta rütubət səviyyəsi 41%, orta aylıq temperatur +13°С-dir. Rayonun şimal hissəsindəki meşəlik ərazidə əsasən vələs, qızılağac, palıd, qoz, şabalıd, akasiya, kol bitkilərindən isə moruq, itburnu, əzgil bitir. Bu rayonda 30-dan çox dərman bitkisi yetişir. Zaqatala qoruğunun ərazisinin üçdə iki hissəsi Balakən rayonuna düşür.
===========================
 

Beyləqan şəhəri

Müasir Beyləqan rayonu öz tarixi adını 1989-cu ildə almışdır. Bu ilə qədər isə rayonun adı Jdanov olmuşdur. Beyləqan (Jdanov) rayonu Azərbaycan SSR-də inzibati rayon kimi 1939-cu ildə təşkil edilmişdir. Cənnub-şərqdə İranla həmsərhəddir. Azərbaycan Respublikasının İmişli, Füzuli, Ağcabədi və Kür çayı vasitəsi ilə Zərdab rayonları ilə həmsərhəddir. Rayonda 1 şəhər, 6 şəhər tipli qəsəbə, 34 kənd yaşayış məntəqələri var.Beyləqan rayonu Mil düzünün cənub qərbindədir. Səthi şimal-şərqə və şərqə tərəf meyilli düzənlikdir. Ərazisinin şimal şərq hissəsi okean səviyyəsindən alçaqdadır. Cənub-qərbdə hündürlüyü təqribən 100 metrdir. Faydalı qazıntıları: çınqıl, qum və s. Rayonun şimal-şərq sərhədindən Kür çayı, cənub-şərq sərhədindən Araz çayı axır. Ərazisində əsasən boz, çəmən boz və yovşanlı-şoranotlu yarımsəhra bitkiləri geniş sahə tutur. Meşələri var.
===========================
 

Bərdə şəhəri

Bərdə rayonu Kür-Araz ovalığının şimal-qərb hissəsində yerləşir. Rayonun inzibati mərkəzi Bərdə şəhəri Qarabağ düzünün mərkəzində, Tərtərçay sahilində yerləşir. Tərtər, Xaçın çayları və Yuxarı Qarabağ kanalı bu rayonun ərazisindən keçir, Kür çayı isə sərhəddi boyunca axır. Rayon mərkəzindən 3 km məsafədə, Bərdə-Tərtər yolunun sağ tərəfində bir-birinin yaxınlığında iki göl var. Ağalı deyilən üçüncü göl isə Bərdədən 23 km aralıdadır. Bərdə-Tərtər yolunda Bərdədən 3 km aralıda qaynar kükürdlü su bulağı – İstisu yerləşir. Burada müalicəvi vanna qəbul etmək üçün hər cür şərait var. Muğanlı kəndinin yaxınlığında daha bir mineral su bulağı var. Rayonun bitki örtüyü əsasən quru səhra və yarımsəhra ərazilər üçün spesifik bitkilərdən ibarətdir. Ərazinin 6856 hektarını tutan meşələrdə çinar, palıd, qarağac, qoz və başqa qiymətli ağac növləri bitir. Rayonun faunasında canavar, çaqqal, qaban, dovşan və başqa heyvanlar, turac, qırqovul, qaz, ördək və başqa quşlar üstünlük təşkil edir. Ov mövsümü vaxtı müvafiq orqanlar tərəfindən dovşanların və bəzi quşların ovlanmasına, balıqların isə tilovla tutulmasına icazə verilir.
Bərdə rayonunda kənd təsərrüfatı yaxşı inkişaf etmişdir, taxılçılıq (buğda, arpa və s.) heyvandarlıq və pambıqçılıq mühüm yer tutur. Bu yerlərin təbii şəraiti tərəvəz və bostan bitkilərindən yaxşı məhsul almağa imkan verir. Həyətyanı sahələrdə bağçılıq sürətlə inkişaf etməkdədir.
===========================
 

Biləsuvar şəhəri

Biləsuvar rayonu qərbdə İranla həmsərhəddir. Rayonun iqlimi isti və quraqlıq olması ilə fərqlənir. Biləsuvar pambıqçılıqla yanaşı taxılçılıq və heyvandarlıq da mühüm yer tutur.

Biləsuvar adının mənşəyi barədə müxtəlif fərziyyələr mövcuddur. Bir fərziyyəyə görə bu ərazi "bilyər" və "suvar" adlı iki qəbilənin cəmləşib düşmən qarşısında qəhrəmancasına vuruşduğu yer olmuş və həmin qəbilələrin adlarının birləşməsi yolu ilə buraya ad verilmişdir. Başqa bir fərziyyəyə görə isə Biləsuvar sözu "burada su var" sözlərinin transformasiyaya uğramış şəklidir. Şəhərin tarixini xatırlayarkən belə də izah etmək olar ki, Biləsuvar toponimi "atlı əsgərlərin və çaparların keçid yeri" mənasını verir.

 

===========================

 

Cəbrayıl şəhəri

Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə Azərbaycanda təşkil edilmiş inzibati rayondur. Kiçik Qafqazın cənub-şərq ətəklərində yerləşib, Araz çayının sol sahilində cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonu ilə həmsərhəddir. Rayonun ərazisi 1050 kvadrat km, mərkəzi Cəbrayıl şəhəridir. 23 avqust 1993-cü il tarixdə rayon erməni qəsbkarları tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayona 13928 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində - çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.
===========================
 

Cəlilabad şəhəri

Bu rayon və onun inzibati mərkəzi – Cəlilabad şəhəri 1967-ci ildən görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin adını daşıyır. Əvvəllər bu şəhər Hacılı, daha sonra isə Astarxanbazar adlanırdı. Rayon qərb tərəfdən İranla həmsərhəddir. Cəlilabadın relyefinin səciyyəvi cəhəti burada təpəliklərin və ovalıqların bol olmasıdır. Qışda orta temperatur +3° C, yayda +27° C olur.
===========================
 

Daşkəsən şəhəri

Kiçik Qafqazın şimal-şərq yamaclarında yerləşən Daşkəsən rayonu filiz-mədən sənayesinin mərkəzidir. Rayonda temperatur qış aylarında -5°C-dən -20°C-dək, yay aylarında isə +20°C-dən +35°C-dək daşıyır. Təmiz hava, yaşıllığın bol olması, zəngin fauna, Murovdağ silsiləsi boyunca uzanan meşə massivləri yay aylarında təbiət həvəskarlarını buraya cəlb edir. Onlar ətraf rayonlardan və Respublikanın paytaxtından ailələri ilə birlikdə bu yerlərə istirahətə gəlirlər. Balıq ovu həvəskarları Zağalı və Zvilyan kəndlərindəki Xoşbulaq və Göygöl süni göllərində vaxtlarını çox maraqlı keçirə bilərlər. Xoşbulaq yaylağının alp çəmənlikləri və sərin bulaqları xüsusilə məşhurdur.
===========================
 

Füzuli şəhəri

Respublikamızın iri yaşayış məntəqələrindən olan Füzuli rayonu 1827-ci ildə yaranmışdır. Həmin vaxtdan formalaşmış və Qarabulaq adlanan yaşayış məntəqəsinin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin rayonu adlandırılmışdır. Rayonun mərkəzi Qaryagin qəsəbəsi olmaqla Qozluçayboyu, Köndələnboyu, Arazboyu və Füzuli - Ağdam magistral yolunun hər iki ətrafında olan kəndləri əhatə etmişdir. 1959-cu ildə böyük şair Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişilmiş və Füzuli rayonu adlandırılmışdır.Rayon 23 avqust 1993-cü ildə tam işğal olunmuşdur. 1994-cü ilin yanvarında rayonun 22 yaşayış məntəqəsi ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuşdur. Hazırda ərazidə 54 min nəfər məcburi köçkün məskunlaşmışdır. 30 min kvadrat km ərazisi işğaldan azad olunmuşdur. 1997-ci ildən başlayaraq rayonda, işğaldan azad olunmuş ərazidə yeni iqtisadi islahat həyata keçirilməyə başlanmış, torpaq kəndlilərə paylanmışdır.
===========================
 

Şabran şəhəri

Şabran rayonu Bakıdan şimalda yerləşir. Rayonun ərazisi şərq tərəfdən Xəzər dənizinin sahillərinə qovuşur. Relyefi çox müxtəlifdir. Dəniz sahillərindən başlanan düzənliklər tədricən təpəliklərə, daha sonra meşələrə, qayalara və dağlara çevrilir. Meşələrin sahəsi 21500 hektardır. Bu meşələrin heyvanat aləmində canavar, ayı, tülkü, çaqqal, qaban və ceyran, quşlardan isə turac və kəklik daha geniş yayılmışdır. Liman gölü bu rayonun ərazisindədir. Nohurlar kəndindən bir qədər aralıda isə bir-birindən gözəl 7 dağ gölü yerləşir. Bir qədər arxaik ada malik olan Şabran şəhəri adsız bir təpənin ətəyində, yaşıllıqlar qoynunda yerləşir. Qədim dövrlərdə buranın sakinləri dəvə saxlayır, onları alıb satırdılar. Şabran öz yarmarkaları ilə çox məşhur olmuşdur. Başqa şəhərlərin və kəndlərin sakinləri al-ver etmək üçün oraya gedərdilər. Yarmarkalarda qaramal, quş, bal, yağ, pendir, xalça, ipək, yun, tənəkə məmulatları və başqa mallar alıb-satardılar. Keçmişdə dəvə karvanları burada düşərgə salır, taqətdən düşmüş, zəifləmiş dəvələri satır, yola davam etmək üçün əlavə ilxıçılar tutardılar.
===========================
 

Gəncə şəhəri

Böyüklüyünə görə Azərbaycanın ikinci şəhəri sayılan Gəncə qədim mədəniyyət abidəsi, qərbi Azərbaycanın sənaye mərkəzidir. Bu şəhər Gəncə-Qazax ovalığında, Gəncəçay çayının hər iki sahilində yerləşir. Azərbaycanın tarixində mühüm rol oynamış bu şəhər karvan yollarının kəsişdiyi yerdə salınmışdır. Yolçular burada dayanıb dincəlir, əcnəbi alimlər bir-biri ilə söhbət edirdilər. Gəncənin zəngin tarixinin səhifələrini vərəqlədikcə bu tarixin hər bir sətrində qədim şəhərin izlərinə rast gəlir, onun səsini eşidir, nəfəsini duyuruq.
Gəncənin yaranma tarixi barədə müxtəlif fikirlər var. Bəzi mütəxəssislər bu şəhərin eramızdan əvvəl yaranmasını, digərləri isə onun əsasının erkən orta əsrlər dövründə qoyulmasını iddia edirlər. Gəncənin yaşı barədə fikir söyləmək üçün Comərd Qəssab məqbərəsini dəlil hesab etmək olar. Bu şəxs xəlifə Əli İbn Əbütalibin hakimiyyəti dövründə (656-661-ci illər) yaşamış, ədalətli və namuslu olması ilə çoxlarından seçilmişdir. Gəncə sakinləri bütpərəst olduğu dövrdə Comərd Qəssab onlardan xəbərsiz İslam dinini qəbul etmişdir.
===========================
 

Gədəbəy şəhəri

Gədəbəy rayonu Kiçik Qafqazın orta və yüksək dağlıq zonasında yerləşir. Rayondakı ən uca zirvələr – Qoşabulaq (3549 m) və Qocadağ (3317 m) dağlarıdır. Uca dağlarda tundraya xas iqlim, dağların ətrafında isə quru yay iqlimi müşahidə olunur. Burada iyul ayında havanın temperaturu +10°C-dən +20°C-dək, yanvar ayında isə -2°C-dən -10°C-dək dəyişir.
Rayonda ərazisində məşhur «Qızılça» yasaqlığı və 4 təbii abidə – Qovdu, Gödəkdərə, Qamış və Şamlıq meşə massivləri var. Keçidərəsi yarğanında gözəl bir şəlalə, Keçi- keçi, Cərcə, Cüyür və Ayıbulaqları, eləcə də Çaldaş, Qızılca Narzan, Mor-mor mineral su bulaqları var. Rayonun dağlarında, meşə və dərələrində heyvanat və bitki aləmi çox zəngindir. Şəmkir çayında balıq tutmaq üçün yaxşı şərait var. Qalakənd kəndinin yaxınlığında balıqçılıq təsərrüfatı fəaliyyət göstərir. Gədəbəy rayonu ərazisindəki abidələr Azərbaycan tarixinə Gədəbəy-Xocalı mədəniyyəti adı ilə daxil olmuş mədəniyyətin tərkib hissələridir. Burada tunc dövrünün sonuna aid siklopik tikililər, Böyükqala qalası, Qalakənd qalası (XVI əsr), Qız qalası (Onu Namərd-qala da adlandırırlar, IX əsr), XIX əsrdə tikilmiş tağlı körpü var. «Gədəbəy dəfinələri» adı ilə məşhur olan, içərisində müxtəlif qiymətli əşyalar, gümüş sikkələr, ev müxəlləfatı, boyunbağılar və bəzək əşyaları olan qədim küplər tapılmışdır. Şah Təhmasibin hakimiyyətdə olduğu dövrdə (1524-1576-cı illər) zərb edilmiş sikkələr Gəncədə, Təbrizdə, Şirvanda və Ərdəbildə dövriyyədə olurdu.
===========================
 

Göygöl şəhəri

Göygöl rayonu Respublikanın qərbində Kiçik Qafqaz dağlarının ətəyində, Gəncədən bir qədər cənubda yerləşir. Xanlar şəhərinin ətrafında meşələr, dağlar və Yeddi gözəl göl var. Bu rayonun ən uca zirvəsi Murov dağ silsiləsinə aid Camış dağıdır (3724 m). Rayonun iqlimi mülayim-isti iqlimdir. Quşqara və Gəncəçay çayları bu rayonun ərazisindən keçir. Burada heyvan və balıq ovu həvəskarları üçün ideal şərait var.Təbiət qoynunda dincəlməyi xoşlayanlar yayda buraya gəlib yerli sakinlərin mənzillərini kirayə götürür, maraqlı ekskursiyalara və yürüşlərə çıxırlar. Təsadüfi deyildir ki, Mixaylovka, Yeni Zod və Toğana kəndləri bir növ turist mərkəzlərinə çevrilmişdilər.
===========================
 

Hacıqabul şəhəri

Hacıqabul rayonu Kür-Araz ovalığının cənub-şərqində yerləşir. Rayonun mərkəzi Hacıqabul şəhərinin tarixi IX əsrdən başlanır. «Hacıqabul» sözünün mənası «Allah sənin Həcc ziyarətini qəbul etsin» deməkdir. Bu sözün yaranması onunla əlaqədardır ki, bu şhər müsəlmanların müqəddəs ziyarətgahları olan Məkkəyə və Mədinəyə gedən yolun üzərində yerləşirdi. Zəvvarlar bu qədər uzun yolu dayanmadan qət edə bilməzdilər. Buraınn şəraiti düşərgə salması üçün çox münasib idi.
XV əsrdə Şah Abbas indiki Hacıqabul şəhərinin yerləşdiyi ərazidəki eyni adlı gölün sahilində karvansaray tikdirmişdi. Şirvanşahlar sülaləsinin hakimiyyətdə olduğu dövrdə burada Mahmudabad şəhəri salınmışdır. Böyük İpək Yolu bu şəhərdən keçirdi. Fars körfəzi rayonuna gedən karvanlar buradan gedirdi. Azərbaycan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Hacıqabul şəhərinin şimal-qərb tərəfində yerləşən Haram dağında üzərində petroqliflər olan siklopik tikili aşkar etmişlər. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, bu tikilinin yaşı 5 min ilə yaxındır. Bu tikililərin ətrafında aşkar edilmiş daşların üzərində insan və fantastik heyvan təsvirləri var. Alimlər bu təsvirləri eneolit və tunc dövrlərinə aid edirlər.
===========================
 

Xaçmaz şəhəri

Xaçmaz rayon Azərbaycanın şimal-şərq hissəsində yerləşir. Samur-Dəvəçi ovalığının bir hissəsi bu rayonun ərazisinə aiddir. Xaçmaz rayonu şimaldan Rusiya ilə həmsərhəddir. Rayon ərazisində magistral avtomobil yolu və Bakı-Moskva dəmir yolu keçir. Rayon ərazisinin 20.800 hektarı meşələrlə örtülmüşdür. Burada 8 çay, 3 süni göl var. Xaçmazın iqlimi mülayimdir. Burada termal və mineral su bulaqları vardır. Rayonun florasında itburnu, sarmaşıq, dazı otu, yağı otu, ballı nanə və başqa dərman bitkiləri geniş yayılmışdır. Xaçmazda ovçuluq və balıqçılıq üçün yaxşı şərait var, Ovçular Cəmiyyəti fəaliyyət göstərir. «Gülalan gölü» qoruğu bu Cəmiyyətin nəzdindədir.
===========================

İsmayıllı şəhəri

Azərbaycanın ən səfalı guşələrindən biri olan İsmayıllı rayonu Böyük Qafqaz dağlarının cənub yamaclarında dağlar və meşələr əhatəsində yaşıllığa qərq olmuşdur. Əsasən dağlıq relyefə malik olan bu rayonun ən uca nöqtəsi Babadağdır (3629 metr). Rayondakı meşələrin ümumi sahəsi 66799 hektardır.
İsmayıllı rayonun təbiəti: dağ çayları, meşələr, qaylar, təbii və süni göllər, şəlalələr, zəngin heyvanat və bitki aləmi burada olmuş hər kəsin qəlbində xoş təəssüratlar oyadır. Azərbaycanda mövcud olan 9 iqlim tipindən 3-ü İsmayıllı rayonunda təmsil edilmişdir. Aran ərazidə iqlim isti və mülayim, dağlarda isə soyuqdur. Yanvar ayında orta temperatur - 0,5°C, iyul ayında isə +23°C. Yağıntıların orta miqdarı ildə 584 mm-ə bərabərdir.
Girdimançay, Göyçay və Ax-ox çayları bu rayonun ərazisindən keçir. Rayonda şəlalələr də çoxdur: Qalacıq kəndinin yaxınlığındakı şəlalənin hündürlüyü 50 metr, İstisu kəndinin yaxınlığındakı şəlalənin–25 metr, Burovdal kəndinin yaxınlığındakı şəlalənin–50 metr, Müdrüsə kəndinin yaxınlığındakı şəlalənin hündürlüyü 25 metrdir. Babadağın yaxınlığında, dəniz səviyyəsindən 3400-3500 metr yüksəklikdə, bir-biri ilə yanaşı yerləşən üç təbii göl, eləcə də Kürdmaşı və Aşıqbayramlı kəndlərinin yaxınlığındakı iki süni göl bu rayonun inciləridir. Balıq ovu həvəskarları həmin göllərdə balıq tutmaq imkanlarından istifadə edə bilərlər.
===========================
 

Kəlbəcər şəhəri

Kəlbəcər rayonu Respublikanın qərbində kiçik Qafqazın ətəklərində yerləşir. Rayonun inzibati mərkəzi – Kəlbəcər şəhərinin adının mənası «yüksək yer», «uca aşırım» deməkdir. Bu dağ rayonu özünün yüksək debitlt müalicəvi əhəmiyyətə malik olan mineral çeşmələri ilə məşhurdur. İstisu kurortu bu ərazidə yerləşir. Kəlbəcər bulaqları Tərtərçayın sahillərində, dəniz səviyyəsindən 2000-2400 m yüksəklikdə yerləşir. Burada 31 bulaq var. Həmin bulaqların suyu öz kimyəvi tərkibinə görə Karlovı Varıda çıxan mineral sulara oxşayır.
===========================
 

Kürdəmir şəhəri

Şirvan düzündə yerləşən Kürdəmir rayonu Kür çayının sol sahili boyunca uzanır. Rayonun mərkəzi Kürdəmir şəhəridir. Subtropik iqlimə malik olan bu rayonda yay fəsli çox isti keçir.
Rayon ərazisində canavar, çaqqal, tülkü və qaban kimi heyvanlar, qırqovul, turac, qaz, ördək və başqa quşlar geniş yayılmışdır. Kürdəmir rayonu məşhur «Şirvanşahı» üzüm növünün vətəni sayılır.
Kürün sahilində, rayon mərkəzindən 25 km məsafədə yerləşən Mollakənd kəndindəki «Şəfqət» sanatoriyası Carlı deyilən yerdə çıxan isti radon su bazasında işləyir. Eyni vaxtda 50 nəfərə xidmət edə biləcək bu sanatoriyada dincələnlər üçün üzgüçülük hovuzu da tikilmişdir. Kürdəmir rayonunda qədim xalq sənəti xalçaçılığın zəngin ənənələri var. Yerli sənətkarların toxuduqları «Şilyan» xalçaları çoxdan məşhurlaşıb.
===========================
 

Qax şəhəri

Azərbaycanın şimal-qərbində yerləşən Qax rayonu Gürcüstanla həmsərhəddir. Kümrük, Qaşqaçay və Əyriçay çayları sərhəd boyunca axır. Dağlardakı göllər və şəlalələr bu yerlərin bəzəyidir. Rayonun cənubunda quru subtropik, mərkəzdə qismən isti, qismən rütubətli subtropik, yüksək dağlarda isə soyuq iqlim müşahidə olunur. Yayda ən yüksək temperatur +41°С olur. Bu cür yüksək temperatur Acınohur gölünün sahillərində müşahidə olunur. Qışda ən aşağı temperatur dağların zirvəsində müşahidə olunur və -45°С-ə çatır. İlisu qoruğu bu rayonun ərazisindədir. Dağ meşələrində ayı, dağ keçisi, canavar, çöl pişiyi, qaban, çaqqal və başqa heyvanlar yaşayır. Rayonda ovçuluq və balıqçılıq üçün geniş şərait vardır. Qanıq-Əyriçay vadisində düzənliklər və dağ ətəyi əsas ovçuluq zonalarıdır. Balıqçılıq üçün isə Əyriçay, Qapıçay, Qanıq çayları və Lələli kəndi ərazisinin su hövzəsi münasibdir. Rayonun ən mənzərəli yerləri rayon mərkəzindən 12-20 km məsafədədir.
Qax rayonunun mərkəzi, Qax şəhəri dəniz səviyyəsindən 500 m yüksəklikdə coşqun Kurmuxçayın sahilində, Böyük Qafqaz bağlarının meşəli cənub yamaclarında salınmışdır. Şəhərin adını bildirən «Qax» sözü «qala, istehkam» deməkdir. Qaxdan 6 km şimal-qərbdə, meyvə bağları və bakirə meşə arasında mənzərəli Ağçay adlı kiçik bir kənd yerləşir. Dəniz səviyyəsindən 1400-1600 m yüksəklikdə, Qax şəhərindən 12 km şimal-qərbdə yerləşən İlisu adlı dağ kəndi (bu kənd vaxtilə İlisu sultanlığının paytaxtı olmuşdur) daha böyük marağa səbəb olur. Kəndin ətrafındakı termal mineral kükürdlü su bulaqları müalicəvi əhəmiyyətə malikdir.
===========================
 

Qazax şəhəri

Qazax rayonu Azərbaycanın qərbində yerləşir. Kür, Ağstafaçay, Çoğaz və Xramçay çayları bu rayonun ərazisindən axır. Yanvar ayından havanın orta temperaturu 0-dan +5°C-yə qədər, iyul ayında isə +20°C-dən +30°C-yə qədər dəyişir. Dağın ətəyindən başlanan düzənlik alp çəmənlikləri ilə örtülmüşdür. Bura Altuntaxt yaylağıdır. Yaylağın arxa tərəfində mavi rəngli İncə dərəsi yerləşir. Dərənin o tayında Qaraqoyunlu dağı ucalır. Çaylar boyunca tuğay meşələri uzanıb gedir.Tarixdən məlumdur ki, VIII əsrdə sərkərdə Mərvan ibn Məhəmməd «Kasal» adlı yaşayış məntəqəsi salınmışdır. O dövrün ərəb mənbələrində Qasak və ya Qazak adlanan bu yerin iri yaşayış məntəqəsi olması qeyd edilir.
===========================
 

Qəbələ şəhəri

Qəbələ rayonunun ən məşhur tarixi-mədəni abidəsi – eramızın I əsrinə aid yazılı mənbələrdə (Pliniy və b.) adı çəkilən qədim Qəbələ şəhəridir. 1800 ildən çox mövcud olmuş Qəbələ şəhəri 600 il ərzində Qafqaz Albaniyası dövlətinin paytaxtı olmuşdur. Qədim şəhərin xarabalıqları rayon mərkəzindən 15 km məsafədə, Qaraçay və Covurlu çayının arasındakı ərazidə yerləşir.
Qəbələ rayonunda tütün, buğda və arpa yetişdirilir, barama saxlanılır. Rayonun inzibati mərkəzi – Qəbələ şəhəri Dəmiraparançayın sağ sahilində yerləşir. Aydın havada bu şəhərdən baxanda Azərbaycanın ən uca zirvəsi – Bazardüzü dağını görmək olar. Tikanlıçay, Qumçay, Dəmiraparançay və Vəndam çayları bu rayonun ərazisindən axır.
Qoz və şabalıd meşələri ilə zəngin olan Qəbələ şəhərinin ətrafında çoxlu mineral su bulaqları və təmiz sulu çeşmələr var. dağların ətəyində dəniz səviyyəsindən 1000 m yüksəklikdə yerləşən şabalıd meşəsi bu rayonun sərvətidir. Baharda bu meşədə gözəl bir mənzərə yaranır. Buradakı ağacların hər birinin orta yaşı 500 ildən çoxdur. Bu ağaclardan bəziləri dövlət tərəfindən mühafizə olunan ağacların siyahısına daxil edilmişdir.
===========================
 

Qusar şəhəri

Qusar rayonu Azərbaycanın şimal-şərqində yerləşir və Dağıstanla həmsərhəddir. Rayonun inzibati mərkəzi Qusar şəhəri, Xudat dəmiryol stansiyasından 35 km. aralıda yerləşir. «Qusar» sözü «hisar» qəbiləsinin adından yaranmışdır. Dağlar və vadilər diyarı olan bu rayonun ərazisindəki Bazardüzü dağı (4466 metr) Azərbaycanın ən uca nöqtəsidir. Zəngin florası ilə seçilən bu rayonun ərazisinin 20%-i meşələrlə örtülmüşdür. Meşələrdə əsasən enliyarpaqlı ağaclar, o cümlədən, vələs, palıd və fıstıq ağacı bitir. Çayların sahili boyunca tuğay meşələri uzanır. Bu meşələrdə sumax, əzgil, yemişan, zoğal, itburnu, qaragilə və quşüzümü bitir, dərman bitkiləri və cır meyvələr də geniş yayılmışdır. Rayonun heyvanat aləmi də zəngindir. Burada ayı, canavar, qaban, dağ keçisi, quşlardan isə qızılquş, bayquş və başqaları daha geniş yayılmışdır. Urva kəndinin yaxınlığında yerləşən, sahəsi 7 hektar olan «Əlistan baba» adlı fıstıq meşəsi isə xüsusi mühafizə olunur. Şahnabat və Laza şəlaləri rayonun fəxridir. Bu şəlalələrin yuxarıdan şırıltı ilə axaraq, qar kimi ağ köpük yaradan suyun qeyri-adi mənzərəsi və günəşdə bərq vuran su dərmanları hər kəsi heyran edir.
===========================
 

Quba şəhəri

Quba rayonun ərazisi böyük Qafqazın şimal-şərq yamaclarından başlayaraq, Samur – Dəvəçi ovalığına qədər uzanır. Rayonda şəfalı guşələr çoxdur: Balbulaq, Qızbənövşə, Qəçrəş dərinliyi 400-600 metrə çatan Təngəaltı yarğanı, Afurca çayının yaxınlığında hündürlüyü 75-80 metrə çatan əzəmətli şəlalə və s. Unikal Pirbənövşə şəlaləsi də bu rayondadır. Bu şəlalənin suyu göz oxşayan təbii lövhələr yaratmışdır. Belə təbiət möcüzələrindən biri də suyun təsiri ilə qayadan yonulub Minarə forması almış fiqurdur. Rayon ərazisində iki süni göl var. Zəngin floraya və faunaya malik olan bu rayonda heyvan və balıq ovu üçün yaxşı imkanlar var. 
Ölkənin kənd təsərrüfatı mərkəzlərindən biri olan Quba rayonu özünün məşhur alma bağları ilə tanınmışdır. Baharda, alma ağacları çiçəkləyəndə bu çiçəklərin ətiri hər tərəfə yayılır. Qubanı bəzən «alma bağı» adlandırırlar.
===========================
 

Lənkəran şəhəri

Lənkəran rayonu Azərbaycanın cənub-şərqində, onlarca kilometr məsafəyə uzanıb gedən Lənkəran ovalığında yerləşir. Rayonun ərazisi şərqdən Xəzər dənizi ilə həmhüduddur. Burada 29 min hektar sahə meşələrlə örtülmüşdür. Lənkəranın iqlimi rütubətli-subtropikdir. Bu yerlərdə sərt və qarlı qış olmur. Yayda hava quru və çox isti, payızda isə yağışlı keçir. Havanın orta illik temperaturu +14°C. Ən soyuq ay yanvar (+3,4°C), ən isti ay isə iyul ayıdır (+2,5°C). Yağıntıların illik miqdarı 1400-1600 mm olur. Bu diyar bütün il boyu yaşıllığa bürünmüşdür.
===========================
 

Lerik şəhəri

Talış dağlarının zirvəsində Azərbaycaınn ən səfalı guşələrindən biri olan Lerik rayonu yerləşir. Burada adama elə gəlir ki, əlini uzatsa göyə toxunmaq olar. Təbiət bu yerlərdən özünün heç bir nemətini əsirgəməmişdir: əzəmətli dağlar, bakirə meşələr, büllur kimi saf sulu çaylar və şəlalər, təmiz hava və bərəkətli torpaqlar… Rayonun ərazisindəki ən uca dağ zirvələri Kömürgöy (1492 metr) və Qızyurdu (2433 metr) dağlarıdır. Payız fəslində Lerikdə tez-tez yağış yağır, kənd yollarında gediş-gəliş çətinləşir. Yayda orta temperatur +20°C-dən +25°C-yə qədər olur. Bülüdül (rayon mərkəzindən məsafəsi 20 km) və Zərinqala (17 km) təbii istirahət zonaları çox məşhurdur. Burada ləzzətli su bulaqları var. Meşələrdə və Lerik çayının sahillərində qaban, dovşan, tülkü, kəklik və ördək ovlamaq üçün əlverişli şərait var. Meşələrin əlçatmaz yerlərində, dağlarda bəbirə də rast gəlmək olar. Hazırda bu nadir heyvanın qorunub saxlanması üçün müvafiq elmi proqram həyata keçirilir.
===========================
 

Masallı şəhəri

Masallı rayonu Bakıdan cənuba – Lənkəran və İrana gedən əsas yol boyunca yerləşən kənd təsərrüfatı rayonudur. Antik dövrdə bu ərazi Manna və Atropatena dövlətlərinə məxsus olmuşdur. XVIII əsrin ortalarından etibarən Masallı Talış xanlığının tərkibinə daxil olmuşdur.
Rayon bir tərəfdən Xəzər dənizi ilə, digər tərəfdən Talış dağları ilə əhatə olunmuşdur. Relyefinə görə bu rayonu şərti olaraq, dağlıq və düzənlik hissələrə bölmək olar. Dağlıq hissə Talış dağlarına, düzənlik hissə isə Lənkəran ovalığına yaxın ərazini əhatə edir. Buranın iqlimi subtropikdir. Viləş, Tatyan, Alvadıçay, Matara və başqa çyalar bu rayonun ərazisindən axaraq Xəzər dənizinə tökülür. Zəngin bitki aləminə malik olan bu diyarda təşkil edilmiş Qəriblər və Yenikənd meşə təsərrüfatlarında fıstıq, vələs, dəmirağacı, qızılağac, palıd və başaq qiymətli ağac növləri qorunub saxlanılır. Masallı rayonlararası Ovçuluq Cəmiyyətindən müvafiq razılıq almaqla Qırmızıkənd ovçuluq təsərrüfatında meşə heyvanlarını və quşlarını, «Qızılağac» qoruğuna yaxın ərazidə isə su quşlarını, tülkü, qaban, porsuq, canavar və başqa heyvanları ovlamaq olar.
===========================
 

Mingəçevir şəhəri

Mingəçevir şəhəri Kür çayının üzərində su elektrik stansiyasının tikintisi ilə bağlı salınmışdır. 11 noyabr 1948-ci ildə şəhər statusu almışdır. Bakı şəhərindən 323 km məsafədə yerləşir. Bakı-Tbilisi dəmir yolundan 17 km aralıdır. Respublika miqyaslı aeroport 30 km məsafədə Yevlax rayonunda, beynəlxalq miqyaslı aeroport Gəncə şəhərində 80 km məsafədə yerləşir. Coğrafi cəhətdən şəhər respublikanın mərkəzində Kür çayının hər iki sahilində salınmışdır. Mingəçevir su anbarı şəhərin şimal-qərbində 3 km məsafədə yerləşir. Su anbarının həcmi 15,7 milyard kub metr, uzunlugu 70 km, maksimal eni 18 km, su örtüyünün sahəsi 605 kv. km, orta dərinliyi 27 metr (maksimal dərinliyi 83 metr), səviyyə dəyişkənliyi 5-7 metrdir. Su anbarının qarşısını kəsən bəndin uzunluğu 1550 metrdir. Mingəçevir şəhərinin iqlimi mülayim istidir. Orta temperatur yanvar ayında müsbət 2-3 dərəcə, iyul ayında 27-30 dərəcədir. İllik yağıntı 300-310 mm.
===========================
 

Naftalan şəhəri

Naftalan şəhəri Bakıdan 330 km qərbdə, Gəncə şəhərindən 50, “Goran” dəmir yolu stansiyasından 18 km aralı, Murov dağının dağətəyi düzənliyindədir. Dəniz səviyyəsindən 240-250 m yüksəklikdə yerləşir. Yayı isti, qışı yumuşaqdır. Orta illik tempraturu 14.8 dərəcədir. Küləyin hərəkət sürəti 5.0 m/san-dir. - Şəhərin ərazisi 31 may 2010-cu il tarixə kimi 879.82 hektar olmuşdur. Lakin kurort zonasını genişləndirmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının Goranboy rayon və Naftalan şəhərinin inzibati ərazi vahidlərində qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 31 may 2010-cu il tarixli Qanununun tətbiq edilməsi barədə imzaladığı 10 iyun 2010-cu il tarixli 958 nömrəli Sərəncama əsasən Goranboy rayonunun inzibati ərazisindən 2692.81 hektar torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazi vahidinə daxil edilmiş və şəhərin ümumi sahəsi 3572.62 hektar olmuşdur. - Əhalisi 9187 nəfərdir. - Bir şəhər iki kəndi vardır. - Bir siyasi partiya-YAP fəaliyyət göstərir. - Bir mətbu orqan “Naftalan” qəzeti nəşr edilir. - Bir “Cümə” məscidi mövcuddur. - Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 03 mart 2008-ci il və 10 fevral 2011-ci il tarixlərində Naftalan şəhərinə səfər etmişdir.
===========================
 

Oğuz şəhəri

Oğuz rayonu Böyük Qafqazın cənub yamaclarında yerləşir və Rusiya Federasiyası ilə həmsərhəddir. Rayon ərazisində ən yüksək nöqtə–Malkamud dağıdır (3879 m). Oğuz rayonunu Azərbaycanın İsveçrəsi adlandırırlar. Bu yerlərin təbiəti çox gözəldir: dağ çayları və vadilər, qaynar çeşmələr və şəlalələr, müalicəvi əhəmiyyətli kükürdlü bulaqlar, sərt qayalar… Rayon ərazisinin 40%-i meşələrdən ibarətdir. Rayonda qoz, fındıq, alma, armud, gilas, zoğal, yemişan, böyürtkən, moruq, alça, qaragilə və başqa meyvə və giləmeyvələr yetişir. Heyvanat aləmində qaban, dağ keçisi, ayı, dovşan, qırqovul, kəklik, turac, qaz, eləcə də alabalıq və naqqa balıqları geniş yayılmışdır.
===========================
 

Siyəzən şəhəri

Siyəzən rayonu Bakıdan bir qədər şimalda yerləşir və Xəzərin sahili boyunca uzanır. Gilgilçay və Ataçay çayları bu ərazidən axır. Buranın yayı çox isti və quraqlıq olur. İyul ayında orta temperatur +25°C. Qışı isti olur. Yanvar ayının orta temperaturu +4°C. İldə 340 – 520 mm. yağıntı düşür. Rayon ərazisində ən çox rast gələn heyvan növləri ayı, canavar, çöl pişiyi və çaqqaldır. Burada kükürdlü su bulaqları da vardır.
===========================
 

Salyan şəhəri

Salyan rayonunun ərazisi şərqdən Xəzər dənizi ilə həmhüduddur. Kür çayı bu rayonun ərazisindən keçir. Salyan düzənliyi bir sıra xüsusiyyətlərinə görə Muğan düzünə oxşayır.
Salyan rayonu – Lənkəran-Astara zonasının «qapısı» hesab edilir. Çünki Bakını Azərbaycanın cənub rayonları ilə əlaqələndirən dəmir yol və şosse yolu məhz Salyan rayonun ərazisindən keçir. Rayon mərkəzindən 5 km aralıda yerləşən Babazənin palçıq vulkanından çıxan müalicəvi əhəmiyyətli palçıq çoxlarını buraya cəlb edir.
Rayonun inzibati mərkəzi – Salyan şəhəri Azərbaycanın şimal və qərb şəhərlərini cənub şəhərləri ilə və Yuxarı Şərq regionu ölkələri ilə birləşdirən qədim karvan yolunun kənarında salınmış şəhərdir. Bu şəhərin adı «sal» qəbiləsinin adından götürülmüşdür. Deyilənə görə bu şəhər həmin qəbilənin nümayəndələri tərəfindən salınmışdır. Kür çayı bu şəhərin içindən burula-burula axıb keçir.
===========================
 

Şəki şəhəri

Şəki rayonu Azərbaycanın ən maraqlı, bənzərsiz və gözəl rayonlarından biridir. Rayonun inzibati mərkəzi – Şəki şəhəri böyük Qafqaz dağlarının mənzərəli cənub yamaclarında, qarlı zirvələr fonunda yerləşir. Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir.
Belə hesab edirlər ki, Şəkinin əsası bizim eradan əvvəl I minillikdə qoyulmuşdur. Bu şəhərin 2500-2600 yaşı olması güman edilir. Şəhərin adı vaxtilə bu yerlərdə yaşamış saki qəbiləsinin adından alınmışdır. Qədim Şəki ticarət yolları qovşağında yerləşirdi. O, iri ticarət mərkəzi, ipəkçiliyin və sənətkarlığın yaxşı inkişaf etmiş olduğu bir yer idi. Əsrlər boyu buraya gələn səyyahlar ilk növbədə Şəkinin bazarlarına baş çəkirdilər. Məşhur Şəki bazarlarında şıdırğı alver gedirdi: taxıl ipək, dulusçuluq məmulatı, döymə işi olan qablar və zərgərlik məmulatları satılırdı. Lakin Şəkini ən çox məşhurlaşdıran – onun ipəyi idi. Avropa, Asiya, Yaxın və Orta Şərq ölkələrindən gəlmiş tacirlər yüngül, güləbətin işləməli duvaq kimi, şəffaf Şəki ipəyini dünyanın müxtəlif ölkələrinə aparırdılar. Böyük İpək Yolu bu ərazidən keçdiyi dövrdə buralarda necə canlanma yarandığını təsəvvür etmək olar. Heyrətamiz gözəlliyə malik olan Şəki xalçaları da çox məşhur idi.
===========================
 

Şamaxı şəhəri

Şamaxı rayonu Şirvanın özəyi sayılır. Rayonun mərkəzi Şamaxı şəhəri hələ VI əsrdə Şirvanşahlar feodal dövlətinin əsas şəhəri idi. Burada aparılmış arxeoloji qazıntılar zamanı aşkar edilmiş tikililərin qalıqları və tapılan əşyalar göstərir ki, hələ 2500-3000 il əvvəl həmin ərazidə şəhər mövcud olmuşdur. Qədim yunan tarixçisi Ptolomey Qafqaz Aibaniyasının şəhərləri sırasında Şmaxının da adını çəkir. Şamaxını bağları və ipək parçaları qədimdən məşhurdur. Burada müxtəlif sənət növləri geniş yayılmışdı. Misdən döyülmüş naxışlı məmulatlar, yüksək bədii keyfiyyətlərə malik bəzək əşyaları və ev müxəlləfatı çox ustalıqla hazırlanırdı.
Şamaxı şəhərinin yarandığı vaxtdan keçən əsrlər boyu onun adı dəfələrlə dəyişmişdir. Müxtəlif tarixi dövrlərdə və müxtəlif mənbələrdə bu diyarın adı Şirvan, Sarvan, Xairvan, Əşşmax, Şax-max, Şamux və başqa şəkillərdə göstərilir. Bu fərziyyəyə görə Şamaxı adı «şah» (böyük) və «max» (şəhər) sözlərindən əmələ gəlmişdir. Başqa bir fərziyyəyə görə, «şam» sözü – Dəməşq şəhərinin ərəbcə adı, «axı» (əxi) isə «oxşar», «bənzər» deməkdir. Buraya köçüb gəlmiş suriyalılar Şamaxının gözəlliyini və əzəmətini görəndən sonra onu Dəməşqlə müqayisə ediblər.
===========================
 

Şəmkir şəhəri

Bu rayonun inzibati mərkəzi Şəmkir şəhərinə Gəncədən bir saata gedə bilərsiniz. Şəmkir şəhərinin adı eyni adlı qədim qala ilə bağlıdır. Həmin qalanın xarabaları şəhərdən 20 km şərqdə, Muxtariyyət kəndinin yaxınlığında qalmışdır. Şəmkir şəhərinin V-VI əsrlərdə salınması güman edilir. Orta əsrlərdə Şamkur adı ilə tanınmış bu şəhər Kiçik Qafqaz ərazisindən axan Böyük Şəmkir çayının sahilində yerləşirdi. O vaxtlar şəhərin ərazisi 20 hektar olmuşdur. Orda səkkiz qülləli feodal qəsri vardır. Bu şəhərin sərvətləri əcnəbi tacirlər və yadelli işğalçıları həmişə özünə cəlb edirdi. Şəhər növbəti dəfə dağıdılandan sonra salamat qalmış azsaylı sakinlər Şamkuru tərk etmiş və əvvəlki yaşayış məntəqəsindən 9 –10 km aralıda məskunlaşmışdır.
===========================
 

Şuşa şəhəri

Şuşa Azərbaycanın ən gözəl şəhərlərindən biridir. Bu şəhərin adını bildirən «Şuşa» sözü bu diyarın saf, qeyri-adi dərəcədə şəffaf dağ havasının rəmzi olan «şüşə» sözündəndir. Təbiət Şuşaya unikal bulaqlar və mineral sular bəxş etmişdir. Turşsu, İsabulağı, Səkinə bulağı, İsti bulaq, Soyuq bulaq, Çarıx bulaq, Saxsı bulaq, Qırx bulaq, Yüz bulaq və başqa bulaq adları bunu sübut edir.
Şuşa şəhəri iki tərəfdən güclü qala divarı ilə əhatə olunmuşdur. Şəhərin yaranması Qarabağ xanlığının yaranması və onun qüdrətinin artması ilə bağlıdır. Xanlığın hökmdarı Pənahəli xan yadelli işğalçılardan müdafiə məqsədilə bir neçə qala, o cümlədən, Bayat və Şahbulaq qalalarını tikdirmiş, Əsgəran qalasını möhkəmlətmişdir. Lakin bunlar kifayət deyildi. Xan öz əyanları ilə birlikdə bir neçə il Bayat və Şahbulaq qalalarında qaldıqdan sonra 1756-1757-ci illərdə təzə bir qala tikdirdi. Bu qala əvvəlcə Pənahəli xanın şərəfinə Pənahabad, bir neçə ildən sonra isə yaxınlıqdakı kəndin adı ilə Şuşa qalası adlandırıldı. Xalq arasında bu qəsr sadəcə olaraq «Qala» adı ilə məşhurdur. Şuşa şəhər-qalası uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olmuşdur.
===========================
 

Tərtər şəhəri

Tərtər rayonu Tərtər çayının aşağı hissəsində yerləşir və şimaldan İncə çayı ilə həmhüduddur. Rayonda iqlim şəraiti mülayim iqlimdən başlamış isti yarımsəhra və səhra iqliminə qədər dəyişir. Yanvarda orta temperatur +2°С, iyul ayında isə +25°С olur. Tərtər və Xaçınçay çayları bu rayonun ərazisi ilə axır.
Rayonun inzibati mərkəzi Tərtər şəhəri Tərtərçayın sağ və sol sahillərində qədim karvan yolu üzərində yerləşir. Buranın tarixi adı Çaparxana olmuşdur. Alban dövlətinin qədim paytaxtı Bərdədən 17 km aralıda yerləşən bu ərazidə vaxtilə karvansaray və qala olmuşdur.
Xalq sənəti növlərindən xalçaçılıq, tikmə və toxuma sənətləri bu rayonda yaxşı inkişaf etmişdir.
===========================
 

Tovuz şəhəri

Azərbaycanın qərbində yerləşən Tovuz rayonu Gürcüstan və Ermənistanla həmsərhəddir. Rayonun ərazisi Kür çayı hövzəsinə daxildir. Tovuz, Zəyəm Əsri və Axınca çayları bu rayonun ərazisindən keçir. İqlimi – quru subtropik iqlimdir. Dağ yamaclarında yerləşən bu rayonun gözəl təbiəti çoxlu bulaqları var. Rayondakı meşələrin sahəsi 32.000 hektardır. Rayonun heyvanat aləmi zəngindir. Burada canavar, tülkü, dovşan, turac və kəklik çox yayılmışdır. Balıq ovu, dovşan və su quşları ovlamaq üçün əlverişli şərait var.
Rayonun inzibati mərkəzi Tovuz şəhəridir. Qədim türk yazılı mənbələrinə görə bu şəhərin adı Oğuz, Toğuz türkdilli qəbilələrin adından yaranmışdır.
Tovuz rayonun ərazisində Yanıxlı kəndində XVII əsrə aid körpü, məscid və məqbərə, Tovuz çayı üzərində X əsrdə tikilmiş körpü, Tovuz şəhərində karvansaray xarabalıqları, kəhriz XIX əsrdə tikilmiş yaşayış binaları və su qülləsi, Əlibəyli kəndində VII əsrə aid Koroğlu qülləsi, Qazqulu kəndində səkkizüzlü məqbərə, XIX əsrdə tikilmiş qalanın xarabalıqları və XVII əsrdə tikilmiş Şah Abbas məscidi kimi tarixi abidələr var. Bundan əlavə, arxeoloqlar bu rayonun ərazisində daş və dəmir dövrünə aid olan ərazidə insan yaşamasını təsdiq edən əşyalar aşkar etmişlər.
===========================
 

Zaqatala şəhəri

Zaqatala rayonu Böyük Qafqaz sıra dağlarının ətəyində Azərbaycanın şimal-qərbində yerləşir. Rayon şimal-qərbdə Rusiya Federasiyasının Dağıstan Respublikası ilə, qərbdə Balakən rayonu ilə, şərqdə isə Qax rayonu ilə həmsərhəddir. Rayonun şimal-şərq ərazisində dağlıq, cənub və cənub-qərb hissədə düzənlik relyef üstünlük təşkil edir. Rayonda ən uca nöqtə Quton dağıdır. (3648 m). Düzənlikdə mülayim, dağlarda soyuq iqlim müşahidə olunur. Yanvar ayının orta temperaturu düzənlikdə -1°С, dağlarda -10°C, iyul ayının orta temperaturu isə, müvafiq olaraq +24°С və +5°С olur. Burada ildə 600-1600 mm yağıntı düşür. Rayon ərazisinin yarısı, əsasən dağlıq ərazilər, meşələrlə örtülmüşdür. Burada şabalıd, qoz, fındıq, palıd, fısdıq, vələs, qarağac və başqa qiymətli ağac növləri bitir. Rayonun heyvanat aləmində nəcib maral, dağ keçisi, qaban, ayı, canavar, dovşan, quşlardan isə qırqovul, qaratoyuq, kəklik, turac, dağ qartalı, çalağan, bülbül üstünlük təşkil edir. Rayonun ərazisinin bir hissəsini 1929-cu ildə yaradılmış Zaqatala qoruğu tutur. Sahəsi 23.844 hektar olan bu qoruqda hər hansı təsərrüfat fəaliyyəti ilə məşğul olmaq qadağan edilmişdir. Lakin ekoloji turizm üçün burada münasib şərait var. Turist cığırları boyunca piyada və at belində səyahətə çıxanda qoruqda yaşayan heyvanların və quşların davranışını müşahidə etmək, foto və video çəkilişlər aparmaq mümkündür. Bu marşrutlarda turistlərin dincəlməsi və gecələməsi üçün münasib yerlər var. Qırqovul və su quşlarını, qaban, dovşan və başqa heyvanları ovlamaq mümkündür. Qaş kəndinin ətrafında qışda xizək sürmək üçün əlverişli şərait var.
Zaqatala – beynəlmiləl rayondur. Burada azərbaycanlılarla bərabər 20-dən çox xalqın nümayəndələri – avarlar, ləzgilər, tsaxurlar, ruslar, tatarlar, ingiloylar və başqaları yaşayır.
===========================
 

Yevlax şəhəri

Yevlax rayonu Kür çayının sağ sahilində yerləşir. Rayonun inzibati mərkəzi Yevlax şəhəridir. Xankəndinə, Mingəçevirə, Şəkiyə, Balakənə və Gəncəyə gedən yollar Yevlax da kəsir. Yevlax – Balakən dəmiryolu buradan başlanır. Bu yolun əlamətdar cəhəti ondan ibarətdir ki, o, Azərbaycanın ən gözəl yerlərindən keçir.
XII əsrə aid tarixi sənədlərdə Yevlax obrazlı şəkildə Qarabağın qapısı adlandırmışlar. Azərbaycanda məşhur yaylaqlara (alp çəmənliklərinə – yay örüş yerlərinə), Kəlbəcərə, Laçına və daha sonra Batabata gedən yollar bu «qapıdan» keçirdi.
===========================
 

Naxçıvan şəhəri

Naxçıvan Muxtar Respublikasının paytaxtıdır. Ərazisi 191,82 kvadrat kilometr, əhalisi 85,7 min nəfərdir (01.08.2011). Naxçıvandan Bakıyadək olan məsafə 536 kilometrdir. Azərbaycanın ən qədim şəhərlərindəndir. İri sənaye, elm və mədəniyyət mərkəzi, mühüm dəmir yolu və avtomobil nəqliyyatı qovşağında yerləşir. Beynəlxalq Hava Limanı vardır. Naxçıvan şəhəri Naxçıvan düzündə, Naxçıvançayın sahilindədir. İqlimi kontinentaldır. Orta temperatur yanvarda - 3,80C , iyulda 26,90C, illik yağıntı 236 mm-dir. Naxçıvan şəhərində Heydər Əliyev adına Hərbi Lisey, 3 ali, 3 orta ixtisas, 19 ümumtəhsil məktəbi, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Kukla Teatrı, Uşaq Teatrı, Filarmoniya, Rəsm Qalereyası, Ilham Əliyev adına Olimpiya Idman Kompleksi, Üzgüçülük Mərkəzi, «Dinamo» Cəmiyyətinin Idman Kompleksi və Stadionu, Şahmat Məktəbi, 7 məktəbdənkənar və 9 məktəbəqədər tərbiyə müəssisələri, 8 kitabxana , 4 klub müəssisəsi, 10 muzey, 6 musiqi məktəbi, Naxçıvan Turizm Informasiya Mərkəzi, 3 mədəniyyət və istirahət parkı, «Gənclik» Mərkəzi, Diaqnostika Müalicə Mərkəzi, Doğum Mərkəzi, 14 xəstəxana, dövlət orqanları və digər xidmət infrastruktur obyektləri vardır.
===========================
 

Babək şəhəri

Babək rayonu Naxçıvan Muxtar Respublikasının mərkəzi hissəsində yerləşir. Rayon şimaldan Ermənistanla, cənubdan İranla həmsərhəddir. Rayonun şimalı və cənub-şərqində relyef dağlıq, cənubu və cənub-qərbində isə ovalıqdır. Rayondakı ən hündür nöqtələr Keçəltəpə (2740 metr), Qaraquş (2617 metr) və Buzqov dağlarıdır (2470 metr). Babək rayonu ərazisində daş duzu və tikinti materialları yataqları, Sirab, Vayxır, Qaxab və başqa mineral su bulaqları vardır. Burada yay çox isti, qış isə soyuq keçir. Yanvarda havanın orta temperaturu -3°C-dən -10°C-yə qədər, iyulda isə +28°C-dən +35°C-yə qədər dəyişir. Burada ildə 200-600 mm yağıntı düşür. Culfanın əsas çayları bunlardır: rayon ərazisini iki hisəyə bölən Naxçıvançay və onun qolu olan Çəhriçay. Bu çayların sularından suvarma məqsədilə istifadə edilir. Araz çayı İran sərhədi boyunca axır. Babək rayonunda Araz, Uzunoba, Nehrəm, Sirab və başqa su anbarları vardır. Heyvanat aləmi əsasən tülkü, canavar, kirpi, ərəbdovşanı və başqa henyvanlarla səciyyəvidir.
===========================
 

Şərur şəhəri

Şərur rayonu Naxçıvan Muxtar Respublikasının qərbində yerləşir. Bu rayon cənub tərəfdən İranla həmsərhəddir. Şimalda və şərqdə relyef dağlıqdır. Dərələyəz dağ silsiləsi bu ərazidə yerləşir. Rayonda ən uca nöqtə Qalınqaya dağıdır (2775 metr). İqlimi yarımsəhra, yayı quraqlıq keçir. Yanvar ayında orta teiperatur +3°C-dən +6°C-ə qədər, iyul ayında +20°C-dən +26°C-ə qədərdir. İllik yağıntı miqdarı 200-400 mm olur. Rayon ərazisindən axan Arpaçay və başqa çaylar Araz çayı hövzəsinə aiddir. Həmin çayların suyundan suvarma məqsədilə istifadə edilir. Bu məqsədlə Arpaçay su anbarı tikilmişdir. Bitki aləmi əsasən yarımsəhra ərazilər üçün səciyyəvi növlərlə təmsil edilmişdir. Heyvanların daha geniş yayılmış növləri dağ keçisi, muflon, canavar, tülkü, dovşan və başqalarıdır. Quşlardan kəklik, qırqovul və başqa növlərə rast gəlmək olar.
===========================
 

Şahbuz şəhəri

Şahbuz rayonu Naxçıvan Muxtar Respublikasının şimalında yerləşir. Rayon dağlıq relyefə malikdir. Şahbuz ərazisindəki ən uca nöqtələr Salvartı (3160 metr), Keçəldağ (3115 metr) və Küküldağ (3120 metr) dağlarıdır. Biçənək dağ aşırımı da bu rayonun ərazisindədir. Şahbuz rayonunda faydalı qazıntı yataqları: kükürd, torf və tikinti materialları yataqları vardır. Şahbuzda məşhur mineral su bulaqları çoxdur: Badamlı, Biçənək, Batabat, Karvansaray və s. İqlim: yayada isti, qışda soyuq.Rayonun ərazisi və Naxçıvançay və ounun qolları – Salvartı, Kükü, Şahbuz və başqa çaylar axır. Batabat, Qanlıgöl və başqa göllər bu rayona aiddir. Dağ meşələrində palıd, fıstıq və vələs ağacları bitir. Heyvanat aləmi ayı, dağ keçisi, çöl pişiyi, qaban, canavar, tülkü və başqa heyvanlarla təmsil olunur.
===========================
 

Culfa şəhəri

Culfa rayonu Naxçıvan şəhərindən şərqdə yerləşir. Rayonun ən uca nöqtəsi Dəmirlidağ dağıdır (hündürlüyü 3364 metr). Burada yay çox isti və quraqlıq, qış isə soyuq keçir. Yanvar ayında orta temperatur -10°C-dən -3°C-yə qədər, iyul ayında isə +19°C-dən +28°C-ə qədər olur. İlk yağıntının miqdarı 200-600 mm olur. Rayon ərazisi boyunca Əlincə və Qaradərə çayları, İran sərhədi boyunca Araz çayı axır. Dağlardakı meşə massivlərində palıd, qayın və vələs ağacları geniş yayılmışdır. Culfa rayonun faunasında canavara, tülküyə, dovşana və başqa heyvanlara rast gəlmək olar.
Culfa rayonun inzibati mərkəzi Culfa şəhəri Araz çayının sahilində, İranla sərhəddə yerləşir. Vaxtilə bu şəhər İrandan Gürcüstana, Şirvana və Dağıstana gedən karvan yolları üzərində yerləşdiyi üçün çox böyük iqtisadi və mədəni əhəmiyyətə malik idi.
===========================
 

Ordubad şəhəri

Naxçıvan Muxtar Respublikasının şərq hissəsində yerləşən Ordubad rayonu şimaldan və şərqdən Ermənistanla, cənubdan İranla, qərbdən Culfa rayonu ilə həmsərhəddir. Rayonda yay fəsli çox isti, qış isə çox soyuq keçir. Ordubadın gözəl təbiəti, zəngin florası və faunası var. Bu rayon özünün saf havası, nadir dərman bitkiləri və ətirli meyvələri ilə ad çıxarmışdır. Ordubadın şaftalısı, armudu, üzümü və qaysısı çox şirəli və şirin olduqlarına görə məşhurdur.
Mənbə: http://guidemap.az
URL: http://guidemap.az/info/Cities.aspx?lng=az
-----------------------------------------------------------


Создан 19 фев 2014



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
 
Kataloq Rambler's Top100

Saytimiza xosh gelmisiniz!!!


free counters