QƏBƏLƏ

Bu region çox qədim tarixə malikdir. Hələ neolit dövründə burada insanlar yaşamışdır.



QƏBƏLƏ RAYONU Azərbaycanın şimal-qərb hissəsində, Şəki-Zaqatala zonasının ərazisində, Dağıstan və Gürcüstan sərhəddində yerləşir. Bu region çox qədim tarixə malikdir. Hələ neolit dövründə burada insanlar yaşamışdır. Qəbələ bir müddət QAFQAZ ALBANİYASININ mərkəzi olmuş, sonra isə ŞİRVANŞAHLAR dövlətinin və ŞƏKİ xanlığının tərkibinə daxil olmuşdur. Rayonun ərazisindən DƏMİRAPARAN ÇAYI, VƏNDAM ÇAYI, BUM ÇAYI, TİKANLI ÇAYI və başqa çaylar axır.

Qəbələ rayonu qoz-fındıq və şabalıd bağları ilə ad çıxarmışdır. Dağ yamaclarında, dəniz səviyyəsindən 1000 m yüksəklikdə məşhur şabalıd meşəsi yerləşir. Baharda şabalıd ağaclarının çiçək açması ecazkar mənzərə yaradır. Bu meşədəki ağaclar çox qədimdir. Onların hər birinin orta yaşı 500 ildən çoxdur. Bu ağaclardan bəziləri dövlət tərəfindən mühafizə olunan təbii abidələr siyahısına daxil edilmişdir. Burada ceyran, cüyür, ayı, canavar, dovşan və yerli faunanı təmsil edən digər heyvanları ovlamaq olar. Respublikanın ən uca zirvəsinə BAZARDÜZÜ dağına (dəniz səviyyəindən 4466 m yüksəklikdə) gedən alpinist marşrutlarından biri bu rayondan keçir.

Rayonun ərazisində tarix, mədəniyyət və memarlıq abidələri çoxdur. Bum kəndindəki məscid (XIX əsr), ƏMİLİ kəndindəki Alban məbədi (IV əsr), BAYRAMKOXA kəndindəki USTACAN qülləsi (IX əsr), NİC kəndindəki HACI QƏRİB məscidi və ÇOTARİ alban kilsəsi, HƏZRƏ kəndindəki ŞEYX BƏDRƏDDİN və ŞEYX MƏNSUR türbələri (XV əsr), ŞƏFİLİ kəndindəki məqbərə (XVII əsr), eləcə də HƏMZƏLLİ kəndindəki ŞIXBABA piri (XVI əsr) və KOMRAD dağının zirvəsindəki KOMRAD piri (sağlığında müqəddəs və əməlisaleh hesab edilmiş insanların dəfn edildiyi yerə pir deyilir).

Nİc kəndinin yaxınlığındakı YALOVLU dağında arxeoloqlar qədim insan məskəninin qalıqlarını aşkar etmişlər. Burada tapılmış arxeoloji mədəniyyət nümunələri Azərbaycanın şimal rayonları üçün səciyyəvidir və elmdə "Yalovlu təpə mədəniyyəti" adı ilə tanınmışdır. Burada dəmirdən və tuncdan hazırlanmış silahlar, qızıl əşyalar, dəyirman daşları və başqa nümunələr tapılmışdır. Xalq sənəti növlərindən ağac emalı (VƏNDAM kəndi), dulusçuluq (QƏMƏRVAN kəndi), xalçaçılıq (LAZA və BUM kəndləri) geniş inkişaf etmişdir. Bum kəndində yaradılmış ZOP-ZOPA folklor ansamblı xarici ölkələrdə keçirilən müxtəlif festifallarda uğurla çıxış etmişdir. Qəbələ rayonunun NİC kəndində udinlər yığcam halda yaşayırlar. Qədim albanların sələfləri hesab edilən bu etnik qrup öz əcdadlarının ənənələrini, dilini, maddi və mənəvi mədəniyyətini bu günədək qoruyub saxlaya bilmişdir.

Rayonun inzibati mərkəzi olan QƏBƏLƏ ŞƏHƏRİ Şahdağın ətəklərində yerləşir. Eramızın I əsrinə aid Yunan və Roma yazılı mənbələrində (Pliniy) adı çəkilən qədim KABALA şəhəri təqribən 2000 il bundan əvvəl salınmış və 600 ildən çox bir müddətdə Qafqaz Albaniyasının paytaxtı olmuşdur. Qədim Qəbələ şəhərinin xarabaları müasir Qəbələnin yaxınlığında (ondan 15 km məsafədə) QARAÇAY və COVURLUÇAY çaylarının arasındakı ərazidə yerləşir. Qəbələ şəhərinin özündə İMAM BABA türbəsi (XVIII əsr) və CÜMƏ MƏSCİDİ kimi abidələr qalmışdır. Şəhərdə kiçik bir tarix-diyarşünaslıq muzeyi də var. Bu muzeydə rayon ərazisində aşkar edilmiş çoxsaylı arxeoloji tapıntılar toplanmışdır.

Qəbələ şəhərinin yaxınlığında "AY İŞIĞI" istirahət zonası yaradılmışdır. "DAĞ TURİST BAZASI" adlanan ekskursiya-turizm xidməti meşədə istirahətin, ekskursiyaların, heyvan və balıq ovunun təşkil edilməsi ilə məşğul olur.

"SAHİL" istirahət zonası (sahəsi 1,5 hektar) Qəbələ-Bakı şosse yolundan 5 km aralıda, Nohur gölünün sahilində yerləşir. Turistlər şəlalələrin yanına, meşəyə, tarixi abidələrin yanına səfər edə bilərlər.

Ünvan: Qəbələ rayonu. Tel: (99450) 354-81-57, 203-13-90.

Nahar etmək üçün "XANLAR" restoranına və çoxsaylı kababxanalara gedə bilərsiniz. VƏNDAM kəndində "ŞƏLALƏ" restoranı var. Restoranın bu cür adlanması onun dağ yamaclarında, birbaşa şəlalənin üzərində yerləşməsini əks etdirir. Lakin bu restoran yalnız yay mövsümündə işləyir. HƏMZƏLLİ kəndində ləzətli qoz halvası yeyə bilərsiniz. Yerli sakinlər bu halvanın hazırlanmasının sirrini heç kəsə açmırlar.


Создан 16 мая 2009



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
Kataloq Rambler's Top100

Saytimiza xosh gelmisiniz!!!


free counters